Mehparə SULTANOVA İyulun 1-də Şəki şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin dəstəyi ilə “İpək Yolu” V beynəlxalq musiqi festivalı başladı. 2010-cu ildən ənənəvi olaraq keçirilən festival yenə dünyanın müxtəlif ölkələrindən sənətçiləri bir araya gətirdi.
Festivalın açılış mərasimi Şəkidə ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi olan “Aşağı Karvansaray” kompleksində keçirildi. Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə çıxış edərək artıq ənənə halını almış “İpək Yolu” festivalının musiqisevərlərin yaddaşında gözəl bir xatirə kimi qaldığını, dünya musiqi sənətinin parlaq incilərindən ibarət rəngarəng konsert proqramları ilə hamıya xoş bayram ovqatı bəxş etdiyini bildirdilər. Qeyd olundu ki, artıq beşinci dəfə keçirilən bu festival Şəki şəhərinin mədəni həyatında böyük bir hadisə olmaqla xalqımıza xas zəngin tarixi, mədəni irsi təbliğ etməyə, eləcə də bölgənin turizm potensialını genişləndirməyə yaxşı imkan yaradır. Vurğulandı ki, ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, zəngin ənənələrinin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyəti çox böyükdür. Bildirildi ki, bu gün Şəki orta əsr şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan nadir bir məkandır. Festivalın konsertlərinin tarixi memarlıq abidələrinin önündə keçirilməsi tədbirin əhəmiyyətini daha da artırır. 2013-cü ilin avqustunda Şəkiyə səfəri çərçivəsində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev “Şəkinin Azərbaycan tarixində, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi yeri vardır. Biz gələcəkdə Şəkidəki beynəlxalq tədbirlərin sayını artırmalıyıq”, - deyə bildirmişdi. Bu mənada, tarixi sənət və mədəniyyət mərkəzi olan Şəkidə gözəl ənənəyə çevrilən “İpək Yolu” beynəlxalq musiqi festivalının keçirilməsi olduqca əhəmiyyətlidir. Musiqi bayramına "Rast" baleti ilə start verildi
Açılışdan sonra görkəmli Azərbaycan bəstəkarı və dirijoru Niyazinin eyniadlı simfonik muğamı əsasında səhnələşdirilmiş "Rast" baleti nümayiş etdirildi. Balet janrı tarixində ilk dəfə olaraq, əsərdə rəqsləri muğamla simfonik musiqinin üzvi vəhdətindən yaranmış qeyri-adi səs palitrası müşayiət edir. Niyazinin ecazkar musiqisi, orijinal xoreoqrafik quruluş tamaşanı Azərbaycanın mədəni həyatında yaddaqalan hadisələrdən birinə çevirib. Əsərin quruluşçu baletmeysteri Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, quruluşçu rəssamı Dövlət mükafatı laureatı Rafis İsmayılovdur. Tomris rolunda Xalq artisti, "Qızıl Dərviş" və "Zirvə" mükafatları laureatı Kamilla Hüseynova, Şah rolunda Anar Mikayılov, Banu rolunda Əməkdar artist Yelena Skomoroşenko, Atr rolunda Xalq artisti Gülağası Mirzəyev çıxış etdilər. Türk xalq musiqisinin unudulmaz gecəsi
Tədbirin ikinci günü, iyulun 2-də Şəkidəki “Yay teatrı”nda Türkiyədən gəlmiş xalq musiqisi sənətçilərinin - İstanbul Dövlət Modern Folk Müzik Topluluğunun konsert proqramı təqdim olundu. Çoxsaylı tamaşaçıların, xarici qonaqların izlədiyi musiqi gecəsi hər kəsə zəngin təəssürat bəxş etdi. Qeyd edək ki, kollektiv 1993-cü ildə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılıb. Qrupun əsas məqsədi qədim türk musiqi ənənələrini, xalq mahnı və rəqslərini müasir tərzdə, zəngin səs çalarları və yeni aranjimanla dinləyicilərə çatdırmaq və təbliğ etməkdir. Kollektiv müxtəlif ölkələrdə uğurla çıxış edərək türk musiqi sənətini layiqincə təmsil edir. Repertuarında türk xalq mahnı və oyun havaları ilə yanaşı, klassik türk musiqisi və dünya xalqlarının tanınmış musiqi əsərləri də olan qrup indiyədək Almaniya, Fransa, İngiltərə, Tunis, Bosniya və Herseqovina və digər ölkələrdə keçirilən beynəlxalq musiqi festivallarında maraqlı konsert proqramları ilə çıxış edib. Şəkidə təqdim olunan konsertdə də kollektivin proqrama Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Ay qız” mahnısı ilə başlaması tamaşaçılar arasında böyük coşğu yaratdı. Konsertdə türk pop və xalq sənəti musiqisi, həmçinin Azərbaycanın xalq və bəstəkar mahnılarının yüksək peşəkarlıqla təqdim olunması sürəkli alqışlarla qarşılandı. Konsert başa çatdıqdan sonra Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan çıxış edərək ölkəsinin musiqi, rəqs və folklor kollektivlərinin Şəkidə keçirilən “İpək Yolu” V beynəlxalq musiqi festivalına artıq üçüncü ildir dəvət aldıqlarını və bu musiqi bayramında böyük sevinclə iştirak etdiklərini bildirdi: “Bu yaxınlarda Masallıda keçirilən beynəlxalq folklor festivalında da iştirak etdik. Türkiyə səfirliyi olaraq Azərbaycanda keçirilən belə tədbirlərdə təmsil olunmağımız bizi sevindirir”. Sonda Şəki Şəhər İcra Hakimiyyəti adından kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim olundu. TÜRKSOY rəssamlarının sərgisi
İyulun 2-də günün ikinci yarısında “Yuxarı Karvansaray” mehmanxana kompleksində Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un Şəkidə keçirilən “Rəssamlar görüşü”nün sərgisi açıldı. Qeyd edək ki, TÜRKSOY qurulduğu gündən bəri türkdilli ölkələrin sənət adamlarını bir araya gətirmək, onlar arasında davamlı işbirliyinin əsasını qoymaqla bağlı uğurlu layihələrə imza atmaqdadır. Bu sıraya daxil olan önəmli layihələrindən biri də “TÜRKSOY rəssamlar görüşü”dür. Hər il türkdilli ölkələrin birində baş tutan tədbir bu il qədim Şəkidə keçirilir. 16 iyun - 5 iyul tarixlərini əhatə edən görüşün sərgisinin “İpək Yolu” musiqi festivalı çərçivəsində təşkili sənət və musiqi bayramını bir-birinə qovuşdurdu. Sərginin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festival çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verdi. Bildirdi ki, rəssamların Şəkinin ən gözəl mənzərələrini canlandırmaları onları məmnun edir: “Festival çərçivəsində təşkil edilən bu sərgidə TÜRKSOY rəssamlarının Şəkidə olduqları müddətdə çəkdikləri əsərləri nümayiş etdirilir. Bu rəsmlərdə Şəkinin təbiət gözəllikləri, tarixi abidələri, sakinləri, sənətkarları, sadə insanları əks olunub”. Qeyd olundu ki, rəsm əsərlərinin bir qismi festivalda nümayiş etdirildikdən sonra Şəki Şəhər İcra Hakimiyyətinə hədiyyə olunacaq, digər qismi isə TÜRKSOY-un kolleksiyasını zənginləşdirəcək. Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bu il 17-ci dəfə reallaşan “Rəssamlar görüşü” ilk dəfə Azərbaycanda - Şəki şəhərində keçirildiyini diqqətə çatdırdı: “Tarixi İpək Yolunun mərkəzlərindən olan Şəki şəhərində türk dünyasının 14 ölkəsini təmsil edən 17 rəssam bir araya gələrək iki həftə ərzində öz yaradıcılıqlarını davam etdiriblər. Bu sərginin bir özəlliyi də ondadır ki, onun açılışı çox əlamətdar bir vaxta - “İpək Yolu” V beynəlxalq musiqi festivalının keçirildiyi günlərə təsadüf edir”. Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov “Rəssamlar görüşü”nün iştirakçılarına nazir Əbülfəs Qarayevin salamlarını çatdırdı. TÜRKSOY-un ənənəvi olaraq keçirilən bu layihəsinin əhəmiyyətini qeyd edən sektor müdiri sərgi iştirakçılarına yeni yaradıcılıq uğurları arzuladı. Sonra tədbir iştirakçıları bir-birindən gözəl və rəngarəng rəsm əsərlərinin təqdim olunduğu sərgi ilə yaxından tanış oldular. Bakıdan dəvət olunmuş rəqs qrupunun təqdim etdiyi türk xalqlarının rəqslərindən ibarət konsert proqramı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Sərgidə iştirak edən hər bir rəssama TÜRKSOY-un sertifikatları və şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu. Ecazkar hind musiqisi Həmin gün axşam “Aşağı Karvansaray” kompleksində festivalın daha bir iştirakçısının - Hindistanın mahnı və rəqs qrupunun ifasında qədim musiqi nümunələri və rəqslərdən ibarət maraqlı konsert proqramı təqdim olundu.Festivalın təşkilatçı qurumlarının rəhbərlərinin, TÜRKSOY-un təmsilçilərinin, Azərbaycanda akkreditə olunan xarici ölkələrin səfirliklərinin nümayəndələrinin, qonaqların və musiqisevərlərin iştirak etdiyi konsertin birinci hissəsində tamaşaçılar hind raqa ifaçısı Madhub Mudqalın rəhbərlik etdiyi ansamblın çıxışını seyr etdilər. Qeyd edək ki, Azərbaycan və Hindistan ənənəvi musiqi mədəniyyətlərinin tarixi kökləri, onların ümumşərq musiqi mədəniyyəti məcrasında inkişafı Azərbaycan muğamı və hind raqasında bariz şəkildə özünü göstərir. Ansamblın tərkibinə vokalçılar və hind fleytası, tabla, sitar, tampur və fişqarmon alətlərinin ifaçıları daxildir. Konsertdə ilk dəfə olaraq çox nadir hallarda ifa edilən ənənəvi hind aləti - esrac səsləndirildi. Konsertin ikinci hissəsində isə Hindistanın “Nrityarupa” rəqs qrupunun ifasında hind rəqsinin əlvan libaslı rəqs mozaikası - “Baxaratanatyam”, “Katxak”, “Odissi”, “Manipuri”, “Katxakali” və “Çxau” rəqsləri nümayiş olundu. “Bxaratanatyam” tarixi sənədlərdə yaşı 5 min ildən artıq olan teatr rəqsinin ən qədim növüdür. “Katxak” klassik hind rəqs üslublarından biridir. Bu rəqsin ilk ifaçıları məbəd rəvayətçiləri olublar. Onlar rəqs dili ilə qədim mifoloji süjetləri təsvir ediblər. “Odissi” hind rəqsinin səkkiz klassik üslubundan biridir. “Manipuri” klassik hind rəqslərindən biri olaraq Krişna və onun sevgilisinin şərəfinə ifa edilir. Bu zərif və nikbin rəqs Hindistanda çox sevilir. “Katxakali” XVII əsrdə yaranmış ənənəvi dramatik rəqs sənətidir. Rəqslərin süjetləri qədim hind eposlarından götürülüb. “Çxau” mənşəyini hərb sənətindən almış rəqs üslubudur. Qrup üzvlərinin ifa etdikləri bir-birindən maraqlı rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Konsertin sonunda şəhər İcra Hakimiyyəti adından kollektivə xatirə hədiyyəsi təqdim edildi. Beynəlxalq festivalda türk xalqlarının musiqiləri və milli geyimləri nümayiş olundu Şəkidə “İpək
Yolu” V beynəlxalq musiqi festivalı davam edir. Azərbaycan Bəstəkarlar
İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Mədəniyyət
və Turizm Nazirliyinin və “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin
dəstəyi ilə keçirilən festivalın üçüncü günü, iyulun 3-də dünya əhəmiyyətli
tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayının həyətində Azərbaycan Dövlət
Qədim Musiqi Alətləri Ansamblının konserti oldu.
TÜRKSOY-un təşkilatçılığı ilə dünyanın bir sıra ölkələrində düzənlənən moda
defiləsi türk dünyası ölkələri arasında mədəni birliyin əhəmiyyətini önə
çəkmək, dizaynerlərin hazırladıqları milli geyim nümunələrini təbliğ etmək,
türk dünyası ölkələrinin moda durumunu sərgiləmək məqsədi daşıyır. Moda
nümayişində türk dünyasının tanınmış dizaynerlərinin əl işləri, etnik dizayn
modelləri və xüsusi geyimlər yer almışdır. Milli musiqilərin müşayiəti ilə
keçirilən defilədə 11 türkdilli ölkənin 60-a yaxın milli geyimi nümayiş etdirildi. “İpək Yolu” V Beynəlxalq musiqi festival uğurla başa çatdı “İpək Yolu” V Beynəlxalq musiqi festivalının
dördüncü günündə Sabit Rəhman adına Şəki Dövlət Dram teatrında tamaşaçılara
Bakı Marionet Teatrının Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəylinin
“Arşın mal alan” musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşa
təqdim olundu. Qeyd edək ki, builki
yubiley festivalı janr müxtəlifliyi baxımından da əvvəlkilərdən fərqlənirdi.
Tamaşaçılar və festivala dəvət olunmuş qonaqlar əvvəlki günlərdə Azərbaycan
musiqisinin şedevri olan Niyazinin “Rast” simfonik muğamı əsasında
səhnələşdirilmiş balet tamaşasına baxmış, TÜRKSOY rəssamlarının sərgisi ilə
tanış olmuş, Hindistanın mahnı və rəqs qrupunun, İstanbul Modern Folk Müzik
Topluluğunun və Azərbaycan Dövlət qədim musiqi alətləri ansamblının ecazkar
ifalarını izlədilər. TÜRKSOY-un hazırladığı türkdilli ölkələrin milli
geyimlərindən ibarət defilə öz rəngarəngliyi ilə festival iştirakçılarına
xüsusilə böyük zövq verdi. “Çin – müxtəlif rənglər işığında” Elə həmin gün, axşam “Aşağı Karvansara” kompleksində Çin mahnı və
rəqs ansamblının konserti baş tutdu. “Eurovision” mahnı müsabiqəsi qaliblərinin və iştirakçılarının qala-konserti “İpək Yolu” V Beynəlxalq musiqi festivalı bu il “Eurovision” mahnı müsabiqəsi qaliblərinin və iştirakçılarının qala-konserti ilə də yadda qaldı. Bu konsert iyulun 5-də yay teatrında baş tutdu.
Konsertin əvvəlində aparıcılar - “Eurovision” mahnı müsabiqələrində Azərbaycan
nümayəndə heyətinin rəhbəri və əlaqələndiricisi olmuş Hüsniyyə Məhərrəmova və
Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Eurovision-2011” mahnı
müsabiqəsində Nigar Camalla birgə bu mötəbər yarışın qalibi olmuş Eldar Qasımov
çıxış edərək Şəkidə keçirilən “İpək Yolu” V Beynəlxalq musiqi festivalında
iştiraklarından qürur duyduqlarını bildirdilər. “İpək Yolu” V beynəlxalq musiqi festivalı başa çatdı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “İpək Yolu” V beynəlxalq musiqi festivalı uğurla başa çatdı. İyulun 1-də başlanan və beş gün davam edən bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, ölkəmizdə akkreditə oldunmuş diplomatik korpusun nümayəndələri, musiqisevərlər Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı və rəngarəng konsert proqramlarını izləmişlər. “Eurovision” mahnı müsabiqəsi qalibləri və iştirakçılarının qala-konserti festivalın yeniliyi oldu. Festival çərçivəsində Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatına (TÜRKSOY) üzv ölkələrin rəssamlarının sərgisi açlmış, TÜRKSOY-un türkdilli ölkələrin milli geyimlərindən ibarət hazırladığı moda sərgi nümayiş etdirildi. İyulun 5-də XIX əsrə aid tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksində festivalın təntənəli bağlanış mərasimi oldu. Mərasimdə Sankt-Peterburq “Ermitaj” dövlət simfonik orkestri Azərbaycan solistlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim etdi. “Ermitaj” dövlət simfonik orkestri muzey məkanında daimi fəaliyyət göstərən yeganə simfonik orkestrdir. Rusiyanın gənclərdən ibarət “Sankt-Peterburq Kamerata” orkestrinin bazasında yaradılan və 1994-cü ildə “Ermitaj” dövlət simfonik orkestri statusu alan bu kollektiv qısa müddətdə elitar musiqi kollektivinə çevrilib. Orkestr bugünədək öz konsert fəaliyyətini Sankt-Peterburqun Qış sarayında və Ermitaj teatrında davam etdirir. Yarandığı gündən etibarən orkestr Rusiya və xarici ölkələrin bir çox mötəbər konsert salonlarında çıxış edib. “Ermitaj” dövlət simfonik orkestri Azərbaycanda ilk dəfə olaraq Şəkidə keçirilən “İpək Yolu” V beynəlxalq musiqi festivalı çərçivəsində drijor Arkadiy Şteynluxtin rəhbərliyi ilə çıxış etmişdir. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, Əməkdar Artist Gülnaz İsmayılova və Fərid Əliyevin ifa etdikləri Avropa və rus bəstəkarlarının əsərləri, həmçinin Tofiq Quliyevin “Bakı haqqında mahnı” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və festivalın təşkilat komitəsinin üzvü, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyinin rəhbəri Dünyamin Xəlilov çıxış edərək bu mötəbər musiqi tədbirinin yüksək səviyyədə keçirilməsinə görə Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdilər. Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yubiley festivalının Şəkinin mədəni həyatında çox mühüm hadisə olduğunu bildirmiş, festivalın keçirilməsində zəhməti olan qurumların, diplomatik korpusun və musiqi kollektivlərinin təmsilçilərinə şəhər ictimaiyyəti adından minnətdarlıq edib. Sonda orkestrin drijoruna, həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə və İctimai Birliyin rəhbərinə Şəki Şəhər İcra Hakimiyyəti adından xatirə hədiyyələri təqdim olundu. Festival hər kəsin yaddaşında maraqlı təəssüratlarla qaldı. |
Məqalələr >