APARDI... Atam üzüb həmişəlik əlini Bu dünyadan dünyasını apardı Səmalarda düyünləyib gözünü Buza dönüb, təmasını apardı... Çılğın qəlbi necə sakit yatmışdı! Xatirəsi göz yaşıma qarışdı Başsağlığı götürənlər içində Məndən qabaq kimsə dayanmamışdı... Sanardım ki, o, alınmaz qalamdı, Düzdə qoyub, qalasını apardı... Ata tabutunu çiynim ki aldı Bütün dünya gözlərimdə qaraldı. Atamın yükünü dostlar götürdü, "Atasızlıq yükü" çiynimdə qaldı. Oxşayardı deyib: "Oğul balamdı", Ata qaldım, "balasını" apardı... Yetimliklə bir od-ocaq yaratdı Süfrəsində övladları boy atdı Gecəsini gündüzünə calayıb Min zəhmətlə qanad atdı, qol atdı. Dünya onu bir andaca taladı, Bu dünyanın vəfasını apardı... Nə çətindir yoxluğuyla barışmaq Bir təsəllim qalır qəlbimdə ancaq Tək qoymayıb o dünyada da onu Yəqin anam qabağına çıxacaq. Söhbət edib məni ovundurardı, Anamın son sədasını apardı... * * * AXI HAMI ÖZ ÖMRÜNÜ YAŞAYIR Dünyanın malına qarışsa başın O dünyada töhmət olar şabaşın Bu dünyanda o dünyançün yaş ayır Axı hamı öz ömrünü yaşayır. Vədəsində bada verib vaxtını Nə xeyri var, qınayasan baxtını?! Calaq üçün niyyət etsən, yaş ayır Axı hamı öz ömrünü yaşayır. Bilmək olmur bu dünyanın işlərin Yek-düsü var atdığın şeş-beşlərin Xoş günündə çətin günə aş ayır Axı hamı öz ömrünü yaşayır. Uğuruna şərik çıxan çox olar Məğlub olsan, heç axtarma günahkar Öz başını döymək üçün daş ayır Axı hamı öz ömrünü yaşayır. Aman, dostum, hara baxır gözlərin? Yol uzanır, itib-batır gözlərin Gözlərini ya yoldan yığ, ya ayır Bil ki hamı oz ömrünü yaşayır... * * * QADASIN ALDIĞIM RÜŞVƏT Ən mübhəm şövqü-məhəbbət Qadasın aldığım rüşvət. Canı coşduran hərarət Qadasın aldığım rüşvət. Tarixi olar minillik Şirin ismi var - "şirinlik" Ölünü dirildər, əlbət Qadasın aldığım rüşvət. Özgə idin? Dost olarsan! Qapımı ərklə açarsan Şübhəyə dəxi nə hacət? Qadasın aldığım rüşvət. Qaşıqla gor qazmaq olmaz Kasıb aşda qazmaq olmaz Maaşda varmı bərəkət?! Qadasın aldığım rüşvət. İstəsən qismətin olsun Gərəkir mənsəbin olsun Ən nəcib, elit cinayət Qadasın aldığım rüşvət. Arzuya, kama çatarsan Dövlətə, mala çatarsan Heç layiqmi ona lənət? Qadasın aldığım rüşvət. * * * YAŞAYARIQ, GÖRƏRİK Anadan olanda böyük idim, "Padşahdan böyük". Nə qürurum sınmışdı, Nə səsim alınmışdı. İstəsəydim ağlayardım, İstəsəydim gülərdim, İstəsəydim hay-küy salıb, yemək tələb edərdim. Böyüdüm, böyüdüm Böyüdükcə də, hüququm kiçildi. Əvvəlcə susmağı mənə öyrətdilər, Sonra da zorla sevmədiyim şeirləri söylətdilər. Günbəgün özümü özümdən aldılar, Qaydalardan bir qəfəs hörüb, oraya saldılar. Etməli olduğumu edə-edə yüküm çoxaldı, Dünya da get-gedə verdiyini az verdi, aldığını çox aldı... İtirə-itirə, yüksəkdən enərək bir ömrü gedərik, Deyirlər, öləndə hörmətin artır - bəlkə də...nə bilim... Yaşayarıq, "görərik". * * * DÖYÜŞ Ərşə çəkib yuxumu Gözümə dolub necə, Qəlbimlə söhbətimə Qulaq kəsilir gecə. Tərk etməməkçün məni Səhərimlə döyüşür. Ömür yolu hər addım Haçalanır nədəndi? Qorxuram ki, azaram Önüm dumandı, çəndi. Bir XEYİR var içimdə Öz ŞƏRimlə döyüşür. Çox sevinsəm, qəm etsəm Göz yaşımdan duyuram, Biri çatışmayanda Yaşamaqdan doyuram. Ruhum üçün sevincim Kədərimlə döyüşür. Arzum sonsuz deyilmiş Dünya özü dardı ki... Qismətim istəyimdən Yaransa nə vardı ki... Çin olmaqçün arzular Qədərimlə döyüşür. * * * AĞSAQQAL (zarafatyana) "Ağsaqqal" - belə çağırdılar bugün məni. Evə dönən kimi keçdim güzgünün önünə, gur işığı yandırıb çoxdan görmürmüş təki diqqətlə baxdım üzümə. Bahoo, doğrudan da, saqqalım ağarıbmış, Hələ bu azmış kimi, alnım da qırışıb, rəngim də saralıbmış... Yadıma düşdü heç xoşum gəlməyən qonşumuz Ziyvər xalanın uşaqkən mənə: "Ay saqqalın ağarsın" -deməsi, bu sözdən tutulub getməyim, anama şikayət etməyim. Anamsa zorla gülümsəməyə çalışıb anlatdı ki, əndişəm yanlışmış, guya bu, mənə edilən ən böyük alqışmış... * * * ÖZÜMLƏ SÖHBƏT İnciməyə haqqın yoxsa Daha kimdən inciyim ki?! Bir xəyalmış haqqın, yoxsa? Daha kimdən inciyim ki?! Özün tərəddüd içində Başqasına haqq söylədin Nə bağırdın, nə vuruşdun Vicdanını qəsb eylədin Daha kimdən inciyim ki?! Namərdindi bilə-bilə O körpüdən keçmədinmi? Şərəfli yol çətin deyə Sən asan yol seçmədinmi? Daha kimdən inciyim ki?! Gözlər səni gözləyəndə Yollarda qaldı - yetmədin İnsanlardan umduğunu Axı özün də etmədin Daha kimdən inciyim ki?! İki yolun arasında Yol ayrıcında azmısan Şübhələrə əsir olub Zülmət içində qalmısan Daha kimdən inciyim ki?! Ömrü ucuz satdın, yazıq, Nakəslərə sına-sına "Dəli oğul" olamadın Ha özünü qına, qına Daha kimdən inciyim ki?! * * * YAŞAYARIQ, GÖRƏRİK Anadan olanda böyük idim, "Padşahdan böyük". Nə qürurum sınmışdı, Nə səsim alınmışdı. İstəsəydim ağlayardım, İstəsəydim gülərdim, İstəsəydim hay-küy salıb, yemək tələb edərdim. Böyüdüm, böyüdüm Böyüdükcə də, hüququm kiçildi. Əvvəlcə susmağı mənə öyrətdilər, Sonra da zorla sevmədiyim şeirləri söylətdilər. Günbəgün özümü özümdən aldılar, Qaydalardan bir qəfəs hörüb, oraya saldılar. Etməli olduğumu edə-edə yüküm çoxaldı, Dünya da get-gedə verdiyini az verdi, aldığını çox aldı... İtirə-itirə, yüksəkdən enərək bir ömrü gedərik, Deyirlər, öləndə hörmətin artır - bəlkə də...nə bilim... Yaşayarıq, "görərik". * * * SƏNİ AXTARIRAM (Bu şeiri vaxtilə "Səni axtarıram" verilişinə həsr etmişdim) Tərk etdiyin dünyamı, Çin olmayan röyamı, Məni vaxtsız qocaldan dəni axtarıram mən - Səni axtarıram mən. İşığa çıxıb deyə, Əlindən tutum deyə, Aramızda dumanı, çəni axtarıram mən - Səni axtarıram mən. Xatirəmdən sürüşüb, Gözümə əksin düşüb. İllər ötsə də, sənə təni axtarıram mən - Səni axtarıram mən. * * * GÖZLƏMƏ Sənsizlikdən üzülsəm də, Səbrim də tükəndi, bəsdir! Ümid bəsləmə eşqimə, Bəsləmə! Sevgiyə kölgə düşəndə Solur, nə etsən əbəsdir Harayın çatmayır mənə, Səsləmə! Bu ocaq artıq sönsə də, İçində xəlvət sızlayır Alovlanar, bənddir himə, Közləmə! Ürəyim səndən küssə də, Hər gələn səsə səksənir "Onsuz da dönəcək" - deyə Gözləmə! * * * BƏLKƏ "Bitməyən toxum"sa da, Bir sehr var "BƏLKƏ"də Onsuz həyat bir nağıl, Bir xəyaldır bəlkə də... Qəm-kədərdən üzülər Olsa qəlbi daş, adam İnsanları yaşadan Bir ümid var "BƏLKƏ"də. Bəzən "BƏLKƏ"ylə birgə Yaxılırıq, yanırıq "Bir köynəklik" yaxınıq, Mübhəmlik var "BƏLKƏ"də. Gözləsək də, çox zaman Yalan olar, zənd olar, Bir-birilə bənd olar: Bəlkə... bəlkə... bəlkə də... * * * QARAÇI QIZ Əlimin içindən nə axtarırsan? Gəl götür paranı, get, qaraçı qız. Yaman pis sürürlər, vurar maşınlar O dəcəl balanı, yet, qaraçı qız. Yatmış taleyimdə ayıq gəzirsən? Dəryanı keçməyə qayıq gəzirsən? Qaranlıq zülmətdə işıq gəzirsən? Ağ etmə qaranı, get, qaraçı qız. Dünyadan pay uman səfil deyiləm Çoxdan yolçusuyam, qəfil deyiləm Həyata nabələd, qafil deyiləm Qanatma yaranı, get, qaraçı qız. Düyüb qaşlarını nə izləyirsən? Deməyə sözmü yox, nə gözləyirsən? Gözünün yaşını nə gizləyirsən? Qurtar bu taranı, get, qaraçı qız, Qurtar bu taranı, get, qaraçı qız. * * * SONA DOĞRU GEDİRƏM Bahar məni tərk edib Bu dünyanı dərk edib Bir çilləli, sızaqlı Dona doğru gedirəm. Min yol ölçüb, biçsəm də Yaraşanı seçsəm də Sonda bərsiz-bəzəksiz Dona doğru gedirəm. Mən Allahın quluyam Günahlarla doluyam Bilirəm od yandırır Ona doğru gedirəm. Hələ sözüm bitməmiş Çox murada yetməmiş Davamına ümidlə Sona doğru gedirəm... Sona doğru gedirəm... * * * MƏNİ Nə edim, hər bəzək xoşuma gəlmir, Xoşuma gələnsə, süsləmir məni. Yanına qaçdığım məni gözləmir, Məni gözləyənsə, səsləmir məni. Başına dönürəm, guya ki görmür, Görməzə vurduğum sınamır məni. Xətrimə dəyəni ata bilmirəm, Xətrinə dəydiyim qınamır məni. Niyə sevə bilmir məni sevəni? - Ürəyim bir kərə qandırmır məni. Şam olub yolunda hazır durduğum Qorxur ki, yaşaram, yandırmır məni. * * * TƏMSİL Dovşanları yeyərək, etdiyi cinayəti gizlətməkçün canavar, "Dovşan hüququ" adlı bir təşkilat yaradıb, haray saldı o ki var. Təşkilatın önünə şüar asdı bu sayaq: ""Qatillərə yox!" deyək, Dovşanları qoruyaq!" |
Poeziya >