İyulun 10-da Şəki şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Azərbaycan tolerant model ölkədir” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Qeyd olunmuşdur ki, respublikanın hər yerində olduğu kimi, Şəkidə də dövlət-din münasibətləri mövcud qanunvericilik əsasında tənzimlənir. Rayon ərazisində mövcud olan məscidlərdən 30-u hazırda fəaliyyət göstərir. 21 dini icma dövlət qeydiyyatından keçmişdir. Şəhər icra hakimiyyəti aidiyyəti dövlət strukturları ilə birgə rayon ərazisində dini durumun sağlamlaşdırılması, dini etiqad və vicdan azadlığının təmin edilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirir. Tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanda dövlət-din münasibətləri, dini tolerantlıq mühiti və onun qorunması, qeyri-ənənəvi dini cərəyanlarla mübarizə yolları barədə ətraflı məlumat vermişdir. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəkinin qədim tarixi, milli kökə malik olduğunu xüsusi qeyd etmiş, xalqımızın min illərlə yaşatdığı tarixi özündə qoruyub saxlamaqla yanaşı, həm də müasirliyin, mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində də mühüm rol oynadığını bildirmiş, söylədiyi dəyərli fikirlərə görə DQİDK sədrinin birinci müavini Səyyad Salahlıya təşəkkür etmişdir. Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır. Mənbə: sheki-ih.gov.az |
Xəbərlər >